30 Nisan 2020 Perşembe

Ət sevgisi ölməzdir, dönməzdir, sönməzdir




Bu sual uzun müddət məni narahat edib. Nəyə görə ət yeməklərini bu qədər sevirik? Ən çox sevdiyimiz yeməklər hansılardır? Lülə kabab, tikə kabab və digər kabab növləri. Azərbaycanda hər 10 adamdan 9-u toylarda israfçılığı tənqid edir. Amma Azərbaycanda 10 adamdan 10-u da o israfçılığı edir. Çünki buna məcburdur. Bunu etməsə bir ömür söyüşdən, qarğışdan canını xilas edə bilməyəcək. Adam toya gedir, axşam evə qayıdanda verilən ən birinci sual bu olur: Yeməkləri necə idi? Yəni, bizi gənclərin xoşbəxtliyi, toydakı musiqi, dost-tanışla edilən söhbətlər maraqlandırmır. Daha doğrusu bəlkə də maraqlandırır, amma bir  o qədər də yox. Əsas olan yeməkdir. Yeməklər yaxşıdırsa toy da yaxşı olub demək ki. Yeməklər yaxşıdırsa demək ki, bəylə gəlin də xoşbəxt olacaq. Yəni əsas ölçü vahidi qidadır. Nədənsə bu haqda düşünəndə internetdə  təsadüfən qarşıma yapon təhsil sistemi ilə bağlı məqalə çıxdı. Çox maraqla oxudum. Yaponiyada ibtidai təhsildə 1,2,3,4 və 5 qiymətləri verilirmiş şagirdlərə. Və dəhşətli məqam odur ki, bir və iki qiyməti alan şagirdlər dərsdən sonra xarakiri edirmiş. Bilməyənlər üçün deyim ki, xarakiri qılıncla özünü doğrayaq canına qəsd etməkdir. seppuku - qarını yarmaq. 
Yapon Təhsil Qurumu dərhal toplantı keçirir və qərar qəbul edir. İbtidai sinifdə şagirdlərin qiymətləndirilməsi tamamilə qadağan olunur. Elə bu hissəni oxuyarkən toydan sonra qalan yeməkləri çantalarına, paketlərə dolduran qadınları xatırladım. Niyə bizim insanımızın zamana, enerjiyə, itirdiyi gəncliyinə heyfi gəlmir. Niyə bu adamları ancaq mədələri düşündürür? Bilmirəm, bu vəziyyət gülməlidir ya ağlamalı? Bilirəm, deyəcəksiniz ki, bəlkə kasıbdır, ona görə məcburdur. İcazə verin, izah edim. Günlərin bir günündə bir oxucu zəng edib məni dəvət etdi. Qəşəng bur məclis oldu, yedik, içdik, dedik, güldük, sonra da gözdən düşdük. Range Rover markalı maşında bir az gəzdik. Maşını sürücü sürürdü, adamın şəxsi sürücüsü var idi. 10-15 dəqiqə sonra bir bankamat qarşısında maşını saxlatdırdı və mənə dedi:
- 5 dəqiqə gözlə, bankamatdan sosial yardımımı çıxarım gedək. 

Yəni, başa düşürsüz vəziyyəti? Məsələ kasıblıqda deyil e, harınlıqdadır. Göz doysun gərək. Adamın yüz neçə minlik maşını. Bəlkə də qiymətini səhv deyirəm, maşınlardan başım çıxmır, həvəsim yoxdur. Amma bilirəm ki, bahalı maşındır. O qədər imkanın ola amma bu qədər acgöz olasan, mənə verdiyi qonaqlıda 100 manata yaxın hesab verdi. Bahalı yerdə idik, hərçənd ki, mən belə bər-bəzəkli yerləri sevmirəm, sadə adamlarla yeyib-içmək, deyib gülmək, dərdləşmək mənə daha çox zövq verir. 
Dözmədim, soruşdum?

- Bu qədər imkanın var, niyə belə edirsən?

- Şair, dövlətdən gələn pul başqa şeydir e, daha ləzzətli olur.

- Axı, o pulu sadə adamların verdiyi vergi əsasında sənə verirlər. Bəs onların haqqı?

- Haqqı zadı boş ver. Bacarana can qurban. 

Təbii ki, həmin adamla bir daha görüşmədim. Ancaq hələ də düşünürəm, görəsən tərbiyələndimi? Səhv etdiyini anladımı?  
Biz niyə ət yeməklərini sevirik? Çünki bizim işlətdiyimiz sözlərin çoxu "ət" lə bitir. Fikir verin.

dövl- ət, məhəbb-ət, sən-ət, sədaq-ət, məhar-ət, mərif-ət, səad-ət, həqiq-ət, ədal-ət. 

Bəzi adamlar üçün dövlət, həqiqət, ədalət elə "ət" kimidir. Sənət adamlarımızın çoxu da sənət vasitəsi ilə dövlətlə bazarlıq edirlər. Çünki onlar dövl-ət və sən-ət sözlərindəki ancaq "ət" hissəsini görürlər. Allah doydursun. Ət sevgisi ölməzdir, dönməzdir, sönməzdir. Boş verin e, bunları, bir sual verim sizə.

Vəzifədə işləyib rüşvət almayan adamın lox sayıldığı ölkə hansıdır?
a) Avtraliya
b) Hollandiya
c) Fil dişi sahili
d) Mozambik
e) Heç biri


Hiç yorum yok:

Yorum Gönder