Koranavirus dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişdi. Dünya böyük itkilər verdi. Azərbaycan da bu itkilərdən xilas ola bilmədi. Hər il turizmdən böyük gəlirlər əldə edən Amerika, İtaliya, Fransa, Türkiyə kimi ölkələr ciddi itkilərlə qarşılaşdılar. Azərbaycan da turizm sahəsin inkişaf etdirir. Ancaq bəlli məsələdir ki, bizim əsas gəlir mənbəyimiz neft ixracıdır. Neftsə dəyərin itirir. Bəlkə də heç zaman ağlımıza gəlməzdi ki, neftin bir bareli 13-14 dollara düşəcək. İqtisadçi ekspertlər vəziyyətin daha kritik olacağını düşünürlər. Bu məsələlərin fonunda bir amil diqqətimi daha çox çəkdi. Dünyada ciddi itkilər verən əksər ölkələrin vətəndaşları vətəndaşı olduqları dövlətin itkilərinə ağrıyırlar, acıyırlar. Dövlətin böyük itkilər verməsini həzm edə bilmirlər. Vətəndaşı olduqları dövlətin nüfuz itirməsini qəbul edə bilmirlər. Bəs biz nə edirik. Dövlətimiz itki verir, bizim insanlarımız isə bu məsələni məsxərəyə çevirirlər. Axı biz niyə hər şeyə lağ edirik? Niyə ciddi məsələlərə qeyri-ciddi, qeyri-ciddi məsələlərə isə ciddi münasibət göstəririk. Axı nəyə görə bizim insanımızın ən ali həqiqəti toy, nişan, xınayaxdı və s. bayağı şeylərdir?
Başa düşürəm, həmin ölkələrdə vətəndaş özünü dövlətin vacib bir fiquru kimi hiss edə bilir. Vətəndaşı olduğu dövlət ona bü qüruru yaşadır. Bizdəsə problemlər çoxdur. Bizim insanımız 190 manatlıq yardımı almaq üçün böyük problemlərlə üzləşir. Həm də o məlum olur ki, biz texnoloji cəhətdən xeyli geridəyik. Bir saytda eyni anda 200-300 nəfər qeydiyyatdan keçmək istəyən zaman sayt çökür.
Mən anlayıram, ölkədə problemlər çoxdur. Ancaq bu ölkə bizim ölkəmizdir, bu dövlət bizim dövlətimizdir. Bu ölkə naminə nə qədər insan özünü qurban verib. Axı biz niyə hələ də dövlət və hakimiyyət anlayışlarının fərqini bilmək istəmirik. Niyə anlamaq istəmirik ki, hökümətlər əbədi deyil. Amma dövlət əbədi olmalıdır. Dövləti qorumaq, saxlamaq lazımdır. Niyə başa düşmək istəmirik ki, dövlət hökümətin deyil, hökümət dövlətindir.
Bu gün kimi dindirsən deyəcək ki, Rəsulzadəni sevirəm, Rəsulzadə böyük şəxsiyyətdir. Əlbəttə ki, Rəsulzadə böyük şəxsiyyətdir, ən yüksək hörmətə, ən ali sevgiyə layiqdir. Amma gəlin bir suala cavab verək. Biz Rəsulzadəni sözdə, ya əməldə sevirik? Bizim Rəsulzadə sevgimiz sözdən o yana keçmir. Əgər Rəsulzadəni seviriksə onun gəncliyə xitabını heç zaman unutmamalıyıq. Əgər Rəsulzadə sevgimiz səmimidirsə onun vəsiyyətinə əməl etməliyik.
Kor-təbii sevgi bizə heç nə qazandırmayacaq.
Sözdə sevməyə nə var ki? Amma bunu əməldə sübut etmək insandan zəhmət, cəsarət tələb edir.
Bu gün neftin dəyərdən düşməsinə, dövlətimizin ciddi böhrana getməsinə sevinməliyikmi? Elə bilirsiz ki, neftin bu dərəcədə uzuclaşması sadə xalq təsir etməyəcək? Tarix dəfələrlə sübut edib ki, iqtisadi böhranı ən ağır keçirən təbəqə elə sadə xalq olur.
Mən iki min manat maaş alanda dövlət sevgisi səmaya yüksələn, 2 ay maaş ala bilməyəndəsə dövlət sevgisi yerin dibinə girən çox adam görmüşəm. Mən hökümət sevgisinə dövlət sevgisi adı verən də çox adam görmüşəm. Dövləti sevmək üçün YAP-çı, AXCP-çi olmağa ehtiyac yoxdur. Heç bir partiyaya qoşulmadan, heç bir siyasi lideri dəstəkləmədən də dövləti sevmək olar. Qandi deyirdi ki, vətən sevgisi öz işini düzgün, vicdanlı görünməkdən başlayır. Yəni, süd satırsansa ona su qatma. Pinəçisənsə saxta material işlətmə. Bərbərsənsə qayçını, maşını yu, spirtlə, təmiz saxla. Müəllimsənsə, şagirdlərə saxta şeylər öyrətmə, Jurnalistsənsə yalan məlumat yayma.
Yazımı böyük Rəsulzadənin gəncliyə xitabı ilə bitirmək istəyirəm.
Ey Gənclik, Sənin öhdəndə böyük bir vəzifə var. Səndən öncəki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki : BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda ya QAZİ və ya ŞƏHİD olacaqsan!
Nicat Həşimzadə

Hiç yorum yok:
Yorum Gönder