Tənbəllik etməyib Mudros müqaviləsinin bütün maddələrini tək-tək oxudum. Mudros Müqaviləsi – 30 Oktyabr 1918 -ci ildə Osmanlı imperiyası ilə Antanda dövlətləri arasında bağlanmış sülh müqaviləsidir. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi "HMS Agamemnon" gəmisində imzalanmışdır.
Antanta - Almaniya tərəfindən gözlənilən təcavüzə qarşı 1904 - 1907-ci illərdə yaradılmış B.Britaniya-Rusiya-Fransa ittifaqıdır.
Sonralar 1915- ci ildə İtaliya və Yaponiya da bu ittifaqa qoşuldu.
Müqavilədəki 3 maddə diqqətimi daha çox çəkdi. Həmin maddələri yazıram:
1) Erməni vilayətlərində üsyan olarsa buna müdaxilə etmək haqqı ancaq Antanta dövlətlərinə verilsin.
2) Eməni əsirləri Antanta dövlətlərinin nümayəndələrinə təslim edilsinş
3) Osmanlı höküməti Bakının işğalına mane olmayacaq. ( Bakının ingilis tərəfindən işğalına mane olmamaqdan söhbət gedir)
Hər zaman demişəm ki, düşməni küçümsəməklə böyük səhvə yol veririk. İdeoloji və təşkilatlanma baxımından ermənilər tarix boyu bizdən daha bacarıqlı olublar. Maraqlısı odur ki, 1918-ci ilin 15 Sentyabrında Bakını işğaldan azad edən Osmanlı cəmi 1 ay sonra Bakının işğalına etiraz etməyəcəyi maddəsi isə razılaşır. Bilirəm, hər zamankı kimi bu dəfə də bu yazıdan sonra mənə ruspərəst, ermənipərəst, farspərəst deyənlər olacaq. Ancaq bilənlər bilir ki, tarixdə ən çox sevdiyim şəxsiyyətlərdən ikisi Məhəmməd Əmin Rəsulzadə və Mustafa Kamal Atatürkdür. Və məni bu məsələlərdə ittiham edənlər onu da dəqiq bilsinlər ki, heç biri Azərbaycanı və Türkiyəni məndən daha çox sevə bilməzlər. Sevgisini əməldə göstərə bilən adamlar zatən mənə haqq verəcəklər. Sevgisi ancaq sözdə olan adamlarsa məni nə qədər ittiham etsələr də əmin olsunlar ki, boş işlə məşğuldurlar. Bilənlər onu da bilir ki, mən havaya söz demirəm, faktlarla danışıram. Şübhəsi olan açsın Mudros müqaviləsinin maddələrini oxusun. Hətta sizə konkret mənbə də göstərirəm. Türkiyə Cümhuriyyətinin 3-cü prezidenti Cəlal Bayar tərəfindən yazılmış 8 cildlik "Ben de yazdım" kitabını oxusunlar. Əgər kitabı tapa bilməsəniz mənə yazın, sizə pdf variantını göndərim. Bu müqaviləni oxuduqca anlayırsan ki, böyük ölkələr erməniləri dəstəkləyir. Və bunda Osmanlı hökümətinin çox böyük qüsurları var.
Osmanlı hökümətində 22 paşa, 29 nazir, 33 millət vəkili, 7 böyük elçi, 11 baş konsul erməni idi. Hələ mən yüksək bürokratlardan, valilərdən danışmıram. Onların sayı 40-dan çox idi.
Biliəm, Nicat Həşimzadə agentdir, özündən uydurur deyənlər olacaq, amma nümunə göstərə bilərəm.
Yosep Vardanian (Vardan Paşa), Karapet Paşa (Tavutian),
Hovhannes Paşa (Guyumjian) Gabriel Paşa (Sevan), Anton Paşa
(Nafielian), Tiran Paşa (Papazian), Hakob Bey (Tavutian), Gaspar Bey (Sinapian) - bunlar Osmanlı hökümətinin paşalarıdır, aralarında doktor, əczaçı da var. Osmanlı ordusunu ləvazimatla, dərmanla təmin edən paşalar milliyətcə erməni idi. Sultan II. Mahmud' un şəxsi həkimi erməni idi - Manuel Shasian
Ohannes Sakız, Qabriel Noradunkyan, Qarabet Artin, Kirkor Sinapyan, Bedros Hallacyan, Oskan Mardikyan, Stanbulyan Efendi - bunlar Osmanlı İdarəetməsindəki erməni nazirləri olub.
Agop Babikyan (Tekirdağ), Kegam Dergarabedyan (Muş) Karakin
Pastırmacıyan (Erzurum), Vahan Papazyan (Van), Artin Boşgezenyan
(Halep), Krikor Zohrep (İstanbul), Bedros Hallacyan (İstanbul), Karabet Tomayan
(Kayseri), Nazaret Dagavaryan (Sivas) - Bunlar erməni millət vəkilləridir. Mötərizə içində hansı şəhərin millət vəkili olduqları qeyd olunub.
Dikran Aleksanyan (Brüksel), Yetvart Zohrab (Londra), Dikran
Tıngır (Berlin), Garabet Artin Davud (Berlin-Viyana), Ohannes Kuyumcuyan (Roma) - Bunlar Osmanlı hökümətinin xarici ölkələrdə olan böyük elçiləridir, yəni səfirləri.
Bəli, başa düşürəm, Osmanlı bir imperiya idi, imperiya tərkibində təbii ki, bir çox millətlər olur. Ancaq ermənilərə olan bu sayğı, bu diqqət, bu inam özünü doğrultmadı. Təsəvvür edin ki, sultan II Əbdülhəmid şəxsi sərvətinin və dövlət xəzinəsinin müdafiəsini də ermənilərə etibar etmişdi. Nəticədə bilirsizmi nə oldu? Bu haqda az sonra, ya da çox sonra. . .
1890-cı il 20 İyunda Ərzurumda, 15 İyulda İstanbulda erməni üsyanları oldu. Daşnaqsütun partiyasının əli ilə Avropa dövlətləri Osmanlı hökümətinə müdaxilələr edirdilər. 1896-cı ildə 26 Avqustda İstanbulda ermənilər yenə üsyan etdilər. 129 Osmanlı əsgəri qətlə yetirildi. Osmanlı xəzinəsinə hücum edib 157 insanı əsir götürdülər. Bankı partlatmaq təhdidi ilə hökümət qarşısında şərtlər qoydular, Avropa ölkələrinin dəstəyi ilə üsyanı törədənlər gəmiylə Marselə qaçdılar. Şəxsi sərvətini, dövlət xəzinəsini ermənilərə əmanət edən II Əbdülhəmidə qarşı sui-qəsd planı hazırladılar.
İstəyirəm bir mövzuya xüsusi diqqət edək. Daşnaqsütun partiyası 1890- cı ilə yaranıb. Osmanlıda erməni üsyanları da 1890-cı ildən etibarən başlayıb.
Sarıqamış döyüşündə də ermənilər Osmanlıya xəyanət etdilər.
Sarıqamış
hərəkatı — Rusiya çarlığı ilə Osmanlı imperiyası arasında Birinci Dünya müharibəsi dövründə 1914 -cü il dekabr ayından 1915 -ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı hökümətinin böyük hərbi səhvi
nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdir. Osmanlı tərəfindən döyüşən ermənilər arxadan osmanlı əsgərlərini qətlə yetirirdilər bu döyüşdə.
Əsl şoku indi yaşayacaqsınız. Dediyim kimi Sarıqamış əməliyyatında ermənilər Rusiya ilə həmrəy oldular. Biz Rusiya deyirik, əslində Antanta ilə həmrəy olub. Bir yandan Sarıqamışda Osmanlıya xəyanət edən ermənilər, digər tərəfdən Ənvər Paşanı əsirlikdən xilas ediblər. Məhz həmin Sarıqamış hadisəsində. Bu munasibətlə Ənvər Paşa İstanbul erməni patriki Zaven Ter Yeghiyana təşəkkür məktubu göndərib.
Bu hadisələri bilməyimə baxmayaq mənim Türkiyə sevgim azalmır. Hər şeydən öncə feodal Osman hökümətini Atatürkün qurduğu Türkiyə cümhuriyyətindən fərqləndirmək lazımdır.
Həm Osmanlı əleyhinə üsyan edirlər, həm Ənvər Paşanı xilas edirlər. Siz heç bu haqda düşündünüzmü? Bu gün qondarma ermən soyqırımını isbat etməyə çalışan erməni müəlliflərini oxuyun, çıxışlarını izləyin. Onlar deyir ki, biz Osmanlıya sədaqətlə xidmət edirdik, amma bizim qədrimizi bilmədilər. Bu adamların bu sözü deyə bilməsi üçün bu adamların ataları, babaları düşünüblər, strategiya qurublar, 100 il, 200 il sonranın intellektual müzakirələrinin belə faktlarını, müdafiə mexanizmlərini planlayıblar.
Başlıqdakı yazını təkrar oxuyun və gəlin həmrəy olub Bakının taleyini, məmləkətimizin halını, keçmişini, gələcəyini düşünək. Bu gün erməni yazarları, tarixçiləri deyir ki, Osmanlı höküməti qeyri-müsəlman əhaliyə zülm ediblər. Onlara sual verən lazım ki, əgər Osmanlı qeyri-müsəlman əhaliyə zülm edibsə bəs bu qədər erməni necə olub ki, nazir, millət vəkili, paşa, həkim, müəllim, səfir ola biliblər?
İrəvan Ermənistana niyə verildi? Bir də bunu düşünək. Çünki ermənilər Antanta ilə razılığa gəlmişdilər Osmanlı dövlətini yıxmaq mövzusunda. Heç bir böyük resursu olmayan, yeni yaranan Azərbaycan Xalq Cümhuriyyəti bu şərtlə razılaşmağa məcbur idi. Əgər bu şərti qəbul etməsəydi vəziyyət daha mürəkkəb olacaqdı. Bu riskə getməyin bədəli çox ağır olacaqdı.
Osmanlının nöqsanı da o idi ki, təhsil sistemi qura bilməmişdi. Axı feodal zehniyyətində olan hökümət necə təhsil qura bilər ki? Bu səbəbə görə də Avropada təhsil alıb Osmanlıya qayıdan ermənilərə kadr kimi ehtiyac duyurdu.
Mən bu yazını kimisə ittiham etmək, kimisə günahkar çıxarmaq üçün yazmadım. Ona görə yazdım ki, düşünək. İtirdiyimiz hər dəqiqə əleyhimizə işləyir. Təhsilimiz haqqında bir daha düşünək. Bu gün bizim universitetlərimiz kadr yetişdirə bilirmi? Bu gün bizim təhsil ocaqlarımız vətəndaş yetişdirə bilirmi? Azərbaycan hamımızın ölkəsidir və əgər qəlbimizdə həqiqətən də Rəsulzadə sevgisi varsa onun vəsiyyətinə əməl etməli, bu ölkəni qorumalıyıq.
Nicat Həşimzadə