Nədənsə həmişə günah keçisi axtarırıq. Bu vərdişimiz uzun illərdən bəridir ki, bizi tərk etmir. Karantin günlərində bu vərdişimizi daha da təkmilləşdirdik. Ol səbəbdən ki, karannində bekarçılıq çox oldu. Karantin günlərində həm də o məlum oldu ki, dünyada boşanmaların sayı çoxalır. Evdə qalmağa məcbur olduqları bu ağır günlər bütün ailə dəyərlərini məhz etdi. Sübut etdi ki, xoşbəxt ailə kimi göz oxşayan ailələr əslində xoşbəxt deyillər. Sadəcə özlərini artistliyə qoyurlar, maskalanırlar. Maska demişkən Çinə maska yardımı etdik. Sonra özümüz maskasız qaldıq. Belə hallar olur. Ancaq bir həqiqət var ki, əgər daxili istehsalatın zəifdirsə və ya heç yoxdursa birinci, özünı yardım etməyi düşün. Mən belə şeylərə təəccüblənməyi unutmuşam. Somaliyə banan daşıyan ziyalılarımız Elina faciəsinə susmuşdular. Koronavirus bizim dövlət rəsmilərinə həm də onu sübut etdi ki, istehlaka güvənərək uzun müddətli inkişaf qurmaq olmaz. Gərək daxili istehsalat yaradıb inkişaf etdirəsən.
Bir maska nədir ki, onu da xaricdən alaq və ya xüsusi həkim geyimlərini tikmək nə çətin işdir ki, onu da xaricdən sifariş edək. Əgər daxili istehsalatımızı inkişaf haqqında düşünsək o zaman işçi qüvvəsinə ehtiyac olacaq və xeyli işsiz adam işlə təmin olunacaq.
Karantin günləri həm də onu sübut etdi ki, bu xalq ölməyib. Yardımlaşmaq bacarığını unutmayıb. Biri-birinin halına acımağı bacarır. Ac qalan insanları düşünə bilir.Nə yaxşı ki, insanlarımız sürətlə robotlaşan dünyada sevgi hissini unutmayıblar.
Rəhmətlik Sokratın yaxşı bir sözü var: Deyir ki, əgər bir gündən daha artıq sevinirsənsə demək ki, səni aldadırlar.
Mən də çox sevinə bilmədim. Bir müəllimə bir səhv edib deyə kütlə başladı lağ etməyə. Müəllimə videoda deyib ki, su da artıq içiləndə problem yaradır, deyəsən, Şekspirin sözüdür. Camaat başladı söyüş- qarğışa. Birincisi, bu ölkədə bu tip adamların apardığı Nizami Gəncəvi, Şekspir davası mənə səmimi görünmür. Ondan ötrü ki, 10 milyonluq ölkədə cəmi 0,07 % kitab oxuyan var. Rəqəmlər sizi aldatmasın. Hərflərlə də yazım, sıfır tam yüzdə yeddi.
İkincisi, özlərini elə aparırlar ki, elə bil, böyük işlər görüblər ölkə üçün. Bunların vətən sevgisinin ölçüsü hədsizdir. Uzun illərdir ki, Nizami Gəncəvinin hansı xalqın şairi olduğunu isbat edə bilməyən xalqın nümayəndələri indi Nizami dərdi çəkməyə başlayıblar.
Üçüncüsü, videonun tam mətni yoxdur. Tələbərədən biri mənə dedi ki, müəlliməmiz o sözləri dedi, sonra bizdən soruşdu bu misraları kim əzbər bilir, kimin şeiridir? Yəni ki, əzizlərim, kimsə videonu montaj edib özünə lazım olan hissəni paylaşıb.
Dördüncü, lap səhv edib. Coğrafiya müəlliməsi ədəbiyyatı bilməyə, şeir əzbərləməyə məcbur deyil. Yadınızdadırsa, bir müğənnidən Eynşteynin kim olduğunu soruşmuşdular. Müğənni də təbii ki, bilməmişdi. Axı niyə də bilməlidir? Müğənniyə Eynşteyn lazımdırmı? Təsəvvür edin ki, bir beyin cərrahına sual verirsən ki, ədəbiyyatşünaslığın neçə növü var? Camaat onda da həmin müğənniyə gülmüşdü. Bilirsiz, bunun səbəbi mədir? Çünki bizdə ixtisaslaşma çox bərbad haldadır. İnsanlar öz ixtisası üzrə işləmirlər. Tibb universitetini bitirən adam Bankda menecer işləyir. Bizim insanlarımız ixtisaslaşmanın nə olduğunun fərqinə varmır. Bilim adamına hörmətsizliyinin səbəbi də budur.
Və ən nəhayət, axı mən dəqiq bilirəm ki, bu müəlliməni ittiham edən adamlar Uşinskinin, Suxomlinskinin, Pestalozzinin, Çernyayevskinin elmi pedoqoji üslublarından xəbərləri yoxdur. Məsələn, təkcə Uşinskinin bir metodunu deyim. "Şagirdə səhv sual verən zaman o daha çox düşünür, öz uşaq təkəbbürünə arxayın olaraq müəllimin səhv etdiyini bildirir və zamanla doğru sual verməyi bacarır, təhsil, tərbiyə isə doğru sual verməyi öyrənməklə başlayır"
Son: Əziz insanlar müəllimlərimiz belə ağır karantin günlərində, ölkənin bərbad internet xidmətinə rəğmən online dərs keçirlər. Zaman sərf edirlər. Gecə-gündüz tələbələrin, şagirdlərin suallarına cavab verirlər. Və ən asası aldıqları azacıq əmək haqqında rəğmən Azərbaycan gəncliyinə xidmət göstərirlər. Onların qədrini bilək. Təbii ki, vicdanını, ləyaqətini itirən müəllimlər də var. Amma tarix, tale hər kəsi layiq olduğu yerə qoyur. Bu günün vicdanlı, ləyaqətli, zəhmət sevər müəllimləri ən azından yetişdirdikləri ləyaqətli gəncliyin xoş xatirələrində yaşayacaq.
Azərbaycan üçün həmrəy olmağı bacaraq.

Hiç yorum yok:
Yorum Gönder